C və D qruplarında da sonuncu oyunlar keçirilib. C qrupunda 1/8 finala vəsiqəni əvvəlcədən təmin etmiş "Mançester Siti" və "Portu" yenə qələbə qazanıb. D qrupunda isə "Ayaks" - "Atalanta" oyunu diqqət mərkəzində olub. Amsterdam futbolçuları növbəti mərhələyə yüksəlmək üçün mütləq qalib gəlməli idilər. Amma paytaxt klubu bu vəzifənin öhdəsindən gələ bilməyib.
"Mançester Siti" C qrupunun sonuncu oyununda Marsel "Olimpik"ini qəbul edib. İlk hissədə hesab açılmasa da, fasilədən sonra "şəhərlilər" rəqibin qapısından 3 cavabsız top keçiriblər. 2-ci yarının əvvəlində Ferran Torres qarşılaşmada ilk qolu vurub. 77-ci dəqiqədə Serxio Aquero fərqi artırıb. Nəhayət vaxtın tamamında Fransa klubunun heyətində Alvaronun avtoqolu yekun nəticəni müəyyənləşdirib: "Mançester Siti" - "Olimpik Marsel" 3:0.
"Portu" isə Yunanıstan səfərində "Olimpiakos"u məğlub edib. Bu oyunda isə 2 qol olub. 10-cu dəqiqədə Portuqaliya futbolçularından Otavio penaltini dəqiq yerinə yetirib . 77-ci dəqiqədə isə Mateus Uribe qonaqların 2-ci qolunu vurub. "Mançester Siti" 16 xalla 1-ci, 3 xal az toplayan "Portu" isə 13 xalla 2-ci yeri tutaraq pley-ofa yüksəlib. "Olimpiakos" və "Olimpik Marsel" komandaları qrup yarışını 3 xalla 3-cü, 4-cü sıralarda tamamlayıblar. Beləliklə Yunanıstan klubu Avropa liqasında mübarizə aparacaq.
D qrupunun lideri "Liverpul" qrup mərhələsinin sonuncu görüşündə heç-heçə edib. "Qırmızılar" səfərdə "Mityulland"la qarşılaşıblar. Mersisayd klubu ilk dəqiqədəcə hesabı açıb. Məhəmməd Salah fərqlənib. Bununla misirli hücumçu UEFA Çempionlar liqasında "Liverpul"un heyətində 22-ci qolunu vuraraq klubun əfsanəsi Stiven Cerrardı arxada qoyub. Salah hazırda bu nominasiyada komandanın rekordçusudur. Lakin erkən qol vuran "Liverpul" üstünlüyünü sonadək qoruya bilməyib. 62-ci dəqiqədə qonaqların qapısına təyin olunan penaltini Aleksandr Şotls dəqiq yerinə yetirib. Beləliklə oyun 1:1 hesabilə yekunlaşıb.
Prinsipial xarakter daşıyan "Ayaks" - "Atalanta" matçında isə "Liverpul"la birlikdə pley-ofa vəsiqə qazanan digər komanda müəyyənləşməli idi. Berqamo klubuna heç-heçə də kifayət edirdi. Amsterdam futbolçularını isə yalnız qələbə növbəti mərhələyə çıxaracaqdı. Amma meydan sahibləri lazımi nəticəni qazana bilməyiblər. Can Pyero Qasperininin kollektivi isə vəzifənin öhdəsindən artıqlaması ilə gəlib. 79-cu dəqiqədə Rayan Qravenberxin meydandan çıxarılmasından sonra mübarizəni 10 nəfərlə davam etdirən “Ayaks” uğursuzluğa düçar olub. "Atalanta" sona yaxın vurduğu qol sayəsində qalib gəlib. Luis Muryel berqamolulara vacib qələbə qazandırıb. Beləliklə D qrupunda "Liverpul" zirvədə qərarlaşaraq pley-ofa çıxıb. "Atalanta" 11 xalla 2-ci sırada qərarlaşaraq 1\8 finalda çıxış etmək imkanı qazanıb. 7 xalla 3-cü olan "Ayaks" UEFA Avropa Liqasında yarışacaq. "Midyulland" isə 2 xalla sonuncu - 4-cü yeri tutub.